logo

Şeyxülislam Allahşükür Paşazadəyə Özbəkistanın medalı təqdim edilib

17:58 08-09-2021 | icon 2114
Şeyxülislam Allahşükür Paşazadəyə Özbəkistanın medalı təqdim edilib

Sentyabrın 8-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovla görüşüb.

QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfiri salamlayan şeyxülislam A.Paşazadə iki qardaş dövlət arasında ənənəvi əlaqələrin Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin yaxın dost və qardaş münasibətləri sayəsində daha da möhkəmləndiyini qeyd edib, bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyindən əminliyini bildirib.

Allahşükür Paşazadə Azərbaycanın tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsi zamanı ölkəmizin haqq işinə verdiyi dəstəyə görə Özbəkistan dövlətinə və qardaş Özbəkistan xalqına bir daha dərin təşəkkürünü bildirib. Şeyxülislam qeyd edib ki, erməni işğalı nəticəsində dağıdılan məscidlərin, digər dinlərə məxsus abidələrin Azərbaycan prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə bərpasına başlanıb.

Özbəkistan səfiri erməni işğalından azad olunan Ağdama səfər etdiyini, ermənilərin dini-mədəni və tarixi abidələrə qarşı törətdikləri əməllərdən sarsıldığını, yaxın günlərdə Özbəkistandan Azərbaycana gələcək rəsmi nümayəndə heyəti ilə birgə işğaldan azad olunmuş digər rayonlara da səfər edəcəyini bildirib.

Səfir Özbəkistan prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə şeyxülislam Allahşükür Paşazadənin iki ölkə arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə “Özbəkistan Respublikasının müstəqilliyinin 30 illiyi” medalı ilə təltif olunduğunu deyib. Səfir medalı və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin imzaladığı vəsiqəni QMİ sədrinə təqdim edib.

A.Paşazadə diplomatdan təltifə görə Özbəkistan dövlətinin başçısına minnətdarlığını və xeyir-dualarını yetirməyi xahiş edib.

Sonda xatirə şəkili çəkdirilib.