logo

Hacıbala Abutalıbovun "adını yaza bilməyən" idarə rəisləri varmış

14:31 06-09-2021 | icon 1631
Hacıbala Abutalıbovun "adını yaza bilməyən" idarə rəisləri varmış

Bakı şəhər İcra Hakimiyyətinin(BŞİH) sabiq rəhbəri Hacıbala Abutalıbovun yanında "adını yaza bilməyən" idarə rəisləri çalışırmış. 

YeniAvropa xəbər verir ki, bu barədə  BŞİH-nin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti prosesdə məlum olub.

Məhkəmədə R.Quliyevin vəkili Ədalət Mövlanov vəsatətlə çıxış edərək D.Əliyeva küçəsi 141 ünvanında yaşayan sakinlərin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Vəsatət hazırkı  mərhələdə baxılmamış saxlanılıb.

Daha sonra keçmiş Aparat rəhbəri dövlət ittihamçısı Eldar Həmzəyevin suallarını cavablandırıb. Bildirib ki, həmin vaxt Bakı şəhər icra başçının səlahiyyətlərini  icra etmək səlahiyyəti olmayıb: "O ərəfələrdə Bakı şəhər icra başçısının  müavini Rauf Pənahov  xəstə idi, buna görə işlə bağlı ləngimələr olurdu. Rauf müəllim rəhmətə gedəndən sonra Hacıbala Abutalıbov üç nəfər idarə rəisinin müavinliyə təqdimatını hazırlamağı tapşırdı. Onların içərisində mənim adım yox idi. Təqdimatlarla bağlı hər üçündən ərizə almalı idim. Amma o üç nəfərin ərizə yazmaq üçün intelektual potensialları çox aşağı idi. Bu barədə Hacıbala müəllimə məlumat verdim".

Rasim Quliyev prokurorun növbəti suallarına cavab olaraq  H.Abutalıbov müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq icra etməyi ona həvalə etdiyini deyib:"Bakı şəhər İcra Hakimiyyətinin blankında sərəncam imzaladı. Sərəncamı araşdırdım, baxdım gördüm düzgün tərtib olunmayıb. Rauf Pənahovdan sonra onun rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Komissiyaya və Fövqəladə Hallar komissiyasına rəhbərlik etmişəm. Amma buna görə maaş almamışam, bu vəzifəni ictimai əsaslarla həyata keçirmişəm. Mən müavin vəzifəsinin  səlahiyyətlərini müvəqqəti icra edəndən sonra Hacıbala Abutalıbov baş nazirin müavini təyin olundu.  Amma buna baxmayaraq o həm də Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə özü nəzarət edirdi".

R.Quliyev deyib ki, 1 saylı İqtisadi İnzibati Məhkəməyə daxil olan məktubda göstərilib ki, R.Pənahov rəhmətə getdiyi üçün tikintiyə nəzarət işləri və icazə rəhbərliklə razılaşdırılmaqla ona həvalə edilib:"Özbaşıma  heç bir sənədə imza ata bilməzdim. Bütün sənədlər rəhbərliklə razılaşdırmalı idim.  Həmin vaxt ərizə yazıb işdən çıxa da bilmirdim. Çünki icra başçısı və müavin postu boş idi. Eldar Əzizov birinci müavin təyin olunandan sonra ərizəmi yazıb işdən azad olundum. Öz ərizəmlə BŞİH-in Aparat rəhbəri vəzifəsindən azad olunmuşam, müavin vəzifəsindən yox. Belə çıxır ki, mən hələ də müavin vəzifəsində işləyirəm? Mən bu vaxta qədər o Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini maaşını almamışam. Mənim müavin səlahiyyətlərini qeyri-rəsmi icra etdiyimi  Ramiz Mehdiyev də bilirdi, digər aidiyyəti şəxslər də.  Onu da deyim ki, icra başçısı səlahiyyətlərini icra etməyim barədə də nə sərəncam var, nə də hansısa başqa sənəd".

R.Quliyev bildirib ki, tikintiyə sərəncamı və digər sənədləri Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma  Baş İdarəsi hazırlayıb: " Mən razılaşdırılmış halda sərəncama qol çəkmişəm. Başçı əvəzi kimi gələn məktublara, sənədlərə mən baxmışam. Bu,  əsasnaməyə uyğun idi. Mən sərəncamı ekstremal şəraitdə imzalamışam, çünki həmin vaxt başçı başqa vəzifəyə təyin olunmuşdu, müavin isə rəhmətə getmişdi".

Sabiq Aparat rəhbəri  onu da deyib ki, sərəncam imzalanmamışdan əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı H. Abutalıbov D.Əliyeva 141 və 145 ünvanlarındakı binaların sökülməsi barədə sərəncam verib: "Sərəncamda göstərilib ki, həmin ünvanlarda söküntü-abadlaşdırma işləri aparılsın. Bu sərəncam məndən qabaq olub. Müqavilədə göstərilib ki, ərazidə abadlıq işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılıb".

Məhkəmə prosesi  sentyabrın 9-da,  saat 16:00 -da davam edəcək.

Xatırladaq ki, R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində “FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır.