logo

Kazan şəhərində birinci MDB Oyunlarının açılış mərasimi keçirilib

21:31 04-09-2021 | icon 3171
Kazan şəhərində birinci MDB Oyunlarının açılış mərasimi keçirilib

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunlarının açılış mərasimi keçirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb. Meydana birinci Azərbaycan nümayəndələri çıxıblar. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu və MDB Oyunlarının qızıl medalçısı Həsrət Cəfərov salamlayıb.

Daha sonra digər ölkələrin komandaları da onların arxasınca meydana daxil olublar.

Tədbirin rəsmi hissəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müraciəti oxunduqdan sonra Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov yarış iştirakçılarını salamlayıb.

MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Leonid Anfimov çıxış edərək “Tokio-2020” Yay Olimpiya Oyunlarında MDB ölkələrinin qazandıqları nəticələrdən danışıb. L.Anfimov oyunları açıq elan etdikdən sonra Rusiyanın dövlət himni səsləndirilib. Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.