logo

Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak edəcək

14:25 04-09-2021 | icon 1764
Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki,  Parlamentlərarası İttifaqın, Avstriya parlamentinin təşkilatçılığı və BMT ilə əməkdaşlıq əsasında baş tutacaq konfransdan əvvəl Qadın Parlament Sədrlərinin 13-cü Görüşü keçiriləcək. Görüşdə Milli Məclisin sədri müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək.

Parlament Sədrlərinin V Ümumdünya Konfransında spikerlər pandemiya ilə mübarizə, post-COVID dövründə gözləntilər, iqlim dəyişikliyi ilə bağlı təxirəsalınmaz tədbirlər, dezinformasiyanın qarşısının alınması, gənclərin siyasətdə iştirakı, gender bərabərliyi mövzularında fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində Milli Məclis sədrinin konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər sentyabrın 9-da başa çatacaq.