logo

Para-atletimiz Tokioda Azərbaycana 14-cü qızıl medalı qazandırıb

09:03 04-09-2021 | icon 2793
Para-atletimiz Tokioda Azərbaycana 14-cü qızıl medalı qazandırıb

Para-atletimiz Orxan Aslanov Azərbaycana “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında 14-cü qızıl medalı qazandırıb.

YeniAvropa xəbər verir ki, uzunluğa tullanma yarışında mübarizə aparan paralimpiyaçımız 7,36 metrlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan komandasının hesabında 19 medal var. Bunlardan 14-ü qızıl, 1-i gümüş və 4-ü isə bürünc medaldır.

Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Hüseyn Rəhimli (81 kiloqram), Dürsədəf Kərimova (+70 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) və İlham Zəkiyev (+100 kiloqram) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə arxası üstə, sərbəst və batterfly üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.