logo

Qırğızıstan səfiri etimadnaməsinin surətini Ceyhun Bayramov təqdim edib

17:57 03-09-2021 | icon 2030
Qırğızıstan səfiri etimadnaməsinin surətini Ceyhun Bayramov təqdim edib

Sentyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Kayrat Osmonaliyevlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, səfirin etimadnaməsinin surətini qəbul edən nazir onu təyinatı münasibətilə təbrik edib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərindən danışaraq, bu əlaqələrin inkişaf perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan ilə Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib. Nazir, həmçinin ölkələrimiz arasında çoxtərəfli platformalarda əməkdaşlığın inkişafından məmnunluq ifadə edib.

Səfir Kayrat Osmonaliyev yeni təyin olunmasına baxmayaraq, Azərbaycan barədə məlumatlı olduğunu qeyd edib və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Səfir Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbaevin səmimi salamlarını nazir Ceyhun Bayramova çatdırıb və onun azərbaycanlı həmkarını rəsmi səfərə dəvət etdiyini bildirib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir səfir Kayrat Osmonaliyevə Azərbaycandakı gələcək fəaliyyətində uğurlar arzulayıb.