logo

Prezident İlham Əliyev Sumqayıtda bir sıra açılışlarda iştirak edib

14:13 03-09-2021 | icon 2373
Prezident İlham Əliyev Sumqayıtda bir sıra açılışlarda iştirak edib

Sentyabrın 3-də Sumqayıt şəhərinə səfəri çərçivəsində prezident İlham Əliyev bir sırqa tədbirlərdə iştirak edib, açılış mərasimlərinə qatılıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bu gün  Sumqayıt şəhərində növbəti yaşayış kompleksinin təməli qoyulub.

Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

***

Daha sonra prezidenti İlham Əliyev Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılış mnərasimində iştirak edib.

***

Sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub.

Prezident İlham Əliyev açılışda iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə yaradılan sənaye parkları barədə  məlumat verib. Bildirib ki, ölkəmizdə sənaye parklarının yaradılması istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından çox əhəmiyyətlidir. Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Prezidentin bu ilin mayında imzaladığı fərmanla yaradılan Ağdam Sənaye Parkı isə sayca 6-cıdır.

Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib.

Bildirlib ki, Sumqayıt Kimya Sənaye Parkında yaradılan “Azmonbat” Məhdud Məsuliyyətli burada fəaliyyətə başlayan 17-ci rezidentdir. “Azmonbat”da istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunacaq. Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilir. 100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac ediləcək.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Məlumat verildi ki, müəssisə ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu, orta hesabla 800 min ədəd akkumulyator deməkdir ki, ondan da 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür. İstehsal prosesi ətraf mühitə zərər vurmadan, ekoloji standartlara tam cavab verir. İstifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasının təşkili həm də xüsusi əhəmiyyətli ekoloji layihədir.

“Azmonbat” MMC sənaye parkında tətbiq edilən vergi və gömrük güzəştlərindən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib.

***

Bu gün Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub.Prezident İlham Əliyev açılışda iştirak edib.

Ədliyyə naziri Fikrət Məmmədov kompleksdə yaradılan şərait barədə məlumat verib.

Kompleks Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində inşa olunub. Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən müasir Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir. "Bir qapı" prinsipi ilə fəaliyyət göstərəcək məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək.

Məhkəmə zallarında proseslərə "Elektron məhkəmə" informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması və şəffaflığın təmin edilməsi üçün "Femida" sistemi quraşdırılıb. Burada 50-dək hakim, ümumilikdə isə 240 işçi fəaliyyət göstərəcək. Sumqayıt Məhkəmə Kompleksində yaradılmış müasir şərait təxminən 1 milyon 460 min əhaliyə yüksək səviyyədə məhkəmə xidmətləri göstərməyə imkan verəcək.

***

Sentyabrın 3-də Sumqayıta səfəri çərçivəsində prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub.

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbdə yaradılan şərait barədə məlumat verib.

Bildirib ki, təhsil müəssisəsində 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.