logo

İkiqat dünya çempionu, Olimpiya mükafatçısı "COVİD-19"dan vəfat etdi

20:58 02-09-2021 | icon 1960
İkiqat dünya çempionu, Olimpiya mükafatçısı "COVİD-19"dan vəfat etdi

Tanınmış idman ustası, "Neftçi" klubunun sabiq prezidenti, bir çox mükafatların qalibi Aydın İbrahimov 83 yaşında koronavirusdan dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edək ki, A.İbrahimov güləş üzrə iki dəfə dünya çempionatının qalibi olub. O, 1963-cü ildə Bolqarıstanda, 1966-cı ildə isə Almaniyada qızıl medal qazanıb. İbrahimov 1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Nailiyyətlərinə görə keçmiş SSRİ-nin Əməkdar idman ustası, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim adlarını alıb. O, dünya güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib. A.İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə “Neftçi” klubunun ilk prezidenti olub.

Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.