logo

Baş Prokurorluq bəzi KİV-ə və sosial şəbəkə istifadəçilərinə müraciət etdi

15:52 02-09-2021 | icon 1554
Baş Prokurorluq bəzi KİV-ə və sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi kütləvi informasiya vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, avqustun 30-da paytaxtın Səbail rayonu ərazisində yaşayan Aytən Niftəliyeva və azyaşlı övladı Tahirə Niftəliyevanın yaşadıqları evin pəncərəsindən yıxılaraq müalicə olunduqları xəstəxanada vəfat etmələri faktı ilə bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək həssas mövzu ilə bağlı etik və qanunvericilik normalarına riayət etməklə Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan hər hansı məlumatın yayılması hallarına yol verilməməsini tövsiyə edir.