logo

DÇ-2022: Azərbaycan millisi Lüksemburqa məğlub oldu -1:2

00:32 02-09-2021 | icon 854
DÇ-2022: Azərbaycan millisi Lüksemburqa məğlub oldu -1:2

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində ardıcıl üçüncü oyunda məğlub olub.

 YeniAvropa xəbər verir ki, sentyabrın 1-də millimiz A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub.

Lüksemburq stadionunda oynanılan qarşılaşmada millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Emin Mahmudov, Əli Qurbani, Abbas Hüseynov, Toral Bayramov, Filip Ozobiç və İsmayıl İbrahimli yer alıblar.

Lüksemburq yığmasının heyətində isə meydana Antoni Moris, Enes Mahmutoviç, Kristofer Martins, Danel Sinani, Jerson Rodrigeş, Dirk Karlson, Olivye Til, Leandro Barreyro, Mika Pinto, Loran Yans və Sebastien Thil çıxıblar.

Yığmamız oyuna uğursuz start verib və erkən qola üzülüb. Matçın 8-ci dəqiqəsində lüksemburqlu futbolçu Mika Pinto hesabı açıb. İyirmi dəqiqə sonra millimizin qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Jerson Rodriges komandasını hesabda önə çıxarıb və ilk hissə meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəyə millimiz daha fəal başlayıb və hesab arasındakı fərqi azaltmağa nail olub. Matçın 67-ci dəqiqəsində Emin Mahmudov baxımlı qola imza atıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, Azərbaycan millisi Lüksemburq yığmasına 1:2 hesabı ilə məğlub olub.

Hesabında 6 xal olan Lüksemburq komandası qrupda üçüncü pillədə qərarlaşıb. Azərbaycan komandasının isə xalı yoxdur.