logo

Braziliya Azərbaycanla hərbi texniki sahədə əməkdaşlıqda maraqlıdır

21:33 22-07-2021 | icon 1813
Braziliya Azərbaycanla hərbi texniki sahədə əməkdaşlıqda maraqlıdır

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin müdafiə naziri Valter Souza Braqa Netto ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə səfirlikdən verilən məlumatda bildirilib. Qeyd edilib ki, görüş zamanı səfir Elxan Poluxov qonağa ölkəmiz haqqında ətraflı məlumat verərək, Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən danışıb.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin dünyada ən müasir və aparıcı silahlı qüvvələri sırasında olduğunu söyləyib. Bunun əyani sübutu olaraq, torpaqlarımızın Ermənistan tərəfindən 30 il ərzində davam edən işğalının 44 günlük Vətən müharibəsi zamanı ordumuzun şücaəti ilə azad olunması vurğulanıb.

Səfir qeyd edib ki, Azərbaycan ordusu bir çox ölkələrin silahlı qüvvələri ilə uğurlu əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır. Cənubi Amerika qitəsinin ən böyük ölkəsi olan Braziliya ilə də bu sahədə əməkdaşlıq etməyə maraq göstərən Azərbaycan burada həyata keçirilən hərbi və hərbi sənayeyə aid sərgilərə maraq göstərir. Səfir hər iki ölkənin müvafiq nazirlik və qurumları arasında əlaqələrin yaradılmasının və əməkdaşlığın qurulmasının tərəflər üçün maraqlı olacağına ümidvar olduğunu söyləyib.

Nazir Valter Souza Braqa Netto təmsil etdiyi nazirliyin azərbaycanlı həmkarları ilə əlaqə qurmağa və texniki sahədə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Sonra tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.