logo

İsrailin Azərbaycandakı səfiri Bakı Limanında olub

17:23 22-07-2021 | icon 1582
İsrailin Azərbaycandakı səfiri Bakı Limanında olub

İyulun 22-də İsrailin Azərbaycandakı səfiri Corc Dik Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında(BBDTL) olub.

YeniAvropa xəbər verir ki, bu barədə BBDTL-in yaydığı məlumatda bildirilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov qonağa  liman barədə ətraflı məlumat verib. 

Qeyd edib ki, “Transxəzər” Beynəlxalq Nəqliyyat Dəhlizi və onun mühüm hissəsi olan Baki Limanı Avropa ilə Asiya arasında vacib qovşaq rolunu oynayır. Regionda ilk dəfə olaraq “Yaşıl liman” statusunu alan Bakı Limanının illik yükaşırma imkanı 15 milyon ton və TEU ekvivalentində 100 min konteynerdi. Üstəlik limanın ikinci fazasının inşası nəzərdə tutulur ki, bununla da limanın yükaşırma imkanı illik 25 milyon ton və TEU ekvivalentində 500 min konteyner olacaq.

 BBDTL-in inkişafı barədə məlumat verən baş direktor bildirib ki, liman ərazisində 2022-ci ilin sonuna kimi yeni gübrə terminalının istifadəyə verilməsi nəzərdə tutulub. İllik yükaşırma gücü 2,5 milyon ton olacaq bu terminal sayəsində Orta Asiyadan Bakı Limanı vasitəsilə daşınan gübrə məhsulunun həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Daha sonra səfirin sualları cavablandırılıb və terminallarda görülən işlə əyani tanışlıq olub. Sonda baş direktor İsrail səfirinə Bakı Limanının tarixi və bu günündən bəhs edən kitab hədiyyə edib.