logo

Qarabağda Ermənistan tərəfindən döyüşən rus muzdlusuna hökm oxundu

11:55 22-07-2021 | icon 1463
Qarabağda Ermənistan tərəfindən döyüşən rus muzdlusuna hökm oxundu

İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və məhkəmənin qərarı elan olunub.

YeniAvropa xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı iştirak ediblər.

Hakim Samir Əliyevin sədrlik etdiyi məhkəmə iclasında prokuror E.Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Hakimlər təqsirləndirilən şəxsə hökm oxumaq üçün müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Eduard Dubakov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, E.Dubakov cəzasını çəkdikdən sonra Azərbaycan ərazisindən məcburi çıxarılmalıdır.

İttihama görə, Eduard Dubakov Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonundakı hərbi təlimlərdə iştirak edib. O, cari ilin yanvarında terror-təxribat əməlləri törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Həyata keçirilən əməliyyat nəticəsində E.Dubakov saxlanılıb.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1-ci (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunub.