logo

FHN gözlənilən istilərlə bağlı əhaliyə müraciət edib

13:49 19-07-2021 | icon 1470
FHN gözlənilən istilərlə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin temperaturun yüksələcəyinə dair xəbərdarlığı ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə havanın temperaturunun daha da yüksəlməsinin, bəzi ərazilərdə maksimal temperaturun 42-44 dərəcəyədək artmasının gözlənildiyi qeyd olunub.

Bildirilib ki, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

“Həmçinin günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə FHN-in məlumatında qeyd olunub.