logo

Qənirə Paşayeva Türkiyənin Lokman Həkim Universitetinin nümayəndə heyəti ilə görüşüb

16:56 18-07-2021 | icon 1771
Qənirə Paşayeva Türkiyənin Lokman Həkim Universitetinin nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş Türkiyənin Lokman Həkim Universitetinin (LHU) nümayəndə heyəti ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisdə baş tutan görüşdə iki ölkə arasında mədəniyyət, təhsil də daxil olmaqla, ən müxtəlif əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın hər keçən gün daha da inkişaf etməsindən məmnunluq ifadə olunub.

Görüşdə 44 günlük Vətən müharibəsində və müharibədən sonra Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq və qonşuluq münasibətlərinin özünün xüsusi mərhələsi ilə seçildiyi qeyd edilib. Q.Paşayeva Şuşa Bəyannaməsinin bu planda tarixi hadisə olduğunu vurğulayıb: “Şuşa Bəyannaməsində mədəniyyət, elm-təhsil və digər bir çox sahələrdə əməkdaşlığın ən yüksək səviyyəyə qaldırılması kimi mühüm məsələlər də əhatə olunub. Ümidvaram, LHU kimi önəmli təhsil və elm ocaqlarının da bu planda öz töhfələri olacaq”.

LHU-nun idarə heyətinin sədri Mehmet Altuğun başçılıq etdiyi nümayəndə heyətinə universitet rektorunun müşaviri professor Ayşe Karaduman, Səhiyyə elmləri fakültəsinin və Tibb bacısı şöbəsinin rəhbəri professor Fatma Öz, Əczaçılıq fakültəsinin dekanı professor Belma Gümüşel daxildir.

Komitə sədri ilə LHU nümayəndə heyətinin görüşündə Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev iştirak edib.