logo

Tokioda Atletlər kəndində idmançılar arasında koronavirusa yoluxma halı qeydə alınıb

13:48 18-07-2021 | icon 3934
Tokioda Atletlər kəndində idmançılar arasında koronavirusa yoluxma halı qeydə alınıb

Tokiodakı Atletlər kəndində yaşayan əcnəbi idmançılardan ikisində koronavirusa ilk yoluxma halı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Tokio-2020” Oyunları üzrə təşkilat komitəsinin saytında iyulun 18-də yerləşdirilən hesabatda məlumat verilib.

Bundan əlavə, sənəddə bildirilir ki, iyulun 18-də Atletlər kəndində yaşamayan daha bir idmançıda, bir KİV nümayəndəsində, Olimpiya obyektlərində işləyən bir fəhlədə və yarışlarla əlaqəli daha beş nəfərdə yoluxma qeydə alınıb. Bu şəxslər Yaponiya vətəndaşı deyillər.

Xəbər verdiyimiz kimi, iyulun 17-də təşkilat komitəsi Atletlər kəndində koronavirusa ilk yoluxma barədə məlumat yayıb. Həmin gün yoluxma yarışlarla əlaqəli şəxsdə aşkar edilib.

Kyodo agentliyinin məlumatına görə, bazar günü yoluxmanın aşkar edildiyi hər iki idmançı eyni ölkənin vətəndaşlarıdır. Hər üç idmançının eyni idman növünü təmsil etdikləri də bildirilir.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Tokio Olimpiadası koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb. Yarışlar cari il iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Təşkilatçıların qəbul etdiyi qərara əsasən, əcnəbi tamaşaçılar və altı prefekturanın sakinləri idman obyektlərinə buraxılmayacaqlar.

Olimpiadanın başlamasına altı gün qalmasına baxmayaraq, Yaponiyada koronavirusun yayılması ilə bağlı vəziyyət gərgin olaraq qalır. Tokioda gündəlik yoluxma sayı min nəfərdən çoxdur. Epidemioloji vəziyyət gərgin olduğuna görə, iyulun 12-də Tokioda fövqəladə vəziyyət rejimi elan edilib və onun iyulun 22-dək davam edəcəyi gözlənilir.