logo

Türkiyə şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcəklər

17:36 16-07-2021 | icon 3024
Türkiyə şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcəklər

Türkiyənin Azərbaycandakı Ticarət Müşavirliyinin nümayəndələri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olub.

AZPROMO-dan YeniAvropa-ya bildirilib ki, qurumun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev dövlət başçılarının səmimi dostluq və qardaşlıq münasibətləri, ölkələrarası iqtisadi-ticarət əməkdaşlığın genişləndirilməsinə verdikləri böyük önəmin tərəfdaşlığın daha da dərinləşməsinə böyük imkanlar yaratdığını vurğulayıb, Azərbaycanda həyata keçirilən davamlı islahatlar, əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edən Türkiyənin Azərbaycandakı Ticarət Müşavirliyinin baş müşaviri Ahmet Erdal təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, hər iki hökumət arasında imzalanmış Preferensial Ticarət Sazişinin ikitərəfli ticarət əlaqələrinin genişlənməsində rolunu qeyd edib. A.Erdal Azərbaycanda çoxsaylı Türkiyə şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayaraq uğurlu investisiya əməkdaşlığının həyata keçirildiyini diqqətə çatdırıb.

Ticarət müşaviri işğaldan azad olunmuş ərazilərimizin bərpasında, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanları ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə ölkələrarası iqtisadi əlaqələrin gücləndirilməsi, qarşılıqlı ticarətdə məhsul çeşidinin artırılması və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.