logo

Ağdamda Xaçınçay su anbarının ətrafı minalardan təmizlənir

11:31 16-07-2021 | icon 1575
Ağdamda Xaçınçay su anbarının ətrafı minalardan təmizlənir

İyulun 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə bir qrup jurnalist Ağdam rayonunun Qızıl Kəngərli kəndində Xaçınçay su anbarının və ondan ayrılan beton kanalın ətrafının minalardan təmizlənməsi prosesi ilə tanış olub.

 YeniAvropa xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minatəmizləmə qrupunun komandiri, baş leytenant Süleyman Heydərov digər dövlət qurumları ilə yanaşı, FHN-in qüvvə və vasitələrinin də işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə cəlb edildiyini bildirib. Qeyd edib ki, tapşırıqların icrası məqsədilə Xidmətin istehkam və pirotexniki bölmələrinin şəxsi heyətindən ibarət minatəmizləmə qrupları formalaşdırılıb. İlkin tapşırığa əsasən, Ağdamda Xaçınçay su anbarının ətraf ərazisi və anbardan ayrılan beton suvarma kanalının sağ və sol sahilləri təmizlənməlidir. Qruplar hazırda təmizləmə işlərini həyata keçirirlər.

Təmizləmə işləri zamanı aviabombalar vasitəsilə atılan bombacıqlara da rast gəlindiyini vurğulayan S.Heydərov deyib: “Bunlar tennis topları boydadır və ərazidə olanların diqqətini cəlb edə bilər. Buna görə də hər kəsə çağırış edirik ki, belə sursatla qarşılaşdıqda FHN-in 112 - Zəng Mərkəzinə məlumat versin”.

0-1-0