logo

Azərbaycan-Türkiyə parlamentlərarası əməkdaşlıq müzakirə ediblər

21:52 14-07-2021 | icon 1729
Azərbaycan-Türkiyə parlamentlərarası əməkdaşlıq müzakirə ediblər

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan deputat heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) TBMM-nin Milli müdafiə komissiyasının sədri İsmət Yılmaz və Türkiyə parlamentinin AŞPA-dakı nümayəndə heyətinin başqanı Ahmed Yıldız ilə ayrı-ayrılıqda görüş keçirib.

YeniAvropa xəbər verir ki, TBMM Milli müdafiə komissiyasının sədri İsmət Yılmaz ilə keçirilən görüşdə Azərbaycan və Türkiyə arasındakı hərbi müttəfiqlik, birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində ortaq layihələr və əməkdaşlıq məsələləri müzakirə olunub.

Türkiyə parlamentinin AŞPA-dakı nümayəndə heyətinin başqanı Ahmed Yıldız ilə keçirilən görüşdə isə beynəlxalq təşkilatlar, o cümlədən AŞPA çərçivəsində əməkdaşlığın genişləndirilməsi yolları, milli və dövlətçilik maraqlarımızın birgə müdafiəsi və s. mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Anıtqəbri və Ankaradakı Heydər Əliyev Parkını ziyarət edən Azərbaycan parlamentinin nümayəndələri Türkiyə Böyük Millət Məclisində Prezident Rəcəb Tayyib Ərdoğan, eləcə də Türkiyə Xarici İşlər Nazirliyində nazir Mövlud Çavuşoğlu ilə görüşüblər.

Bundan başqa, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi qrupun üzvləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib.

Nümayəndə heyətimiz 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı bombardman nəticəsində Türkiyə Böyük Millət Məclisinin dağıdılan hissəsinə tər çiçəklər düzüblər.

Qeyd edək ki, Milli Məclisin nümayəndə heyətinin Ankaraya səfəri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti əsasında həyata keçirilir. Deputatlar səfər çərçivəsində 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərə qatılacaq, 15 iyul şəhidlərinin xatirəsini anacaqlar.

Azərbaycan deputat heyətinə Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli daxildir.

Səfər iyulun 16-da başa çatacaq.