logo

Ankarada Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələri müzakirə olunub

13:55 14-07-2021 | icon 1603
Ankarada Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələri müzakirə olunub

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət parlament nümayəndə heyəti Ankarada Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

YeniAvropa xəbər verir ki,  görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışılıb, iki qardaş ölkənin inkişafı xoş sözlərlə ifadə edilib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət!” ifadəsini xatırladan TBMM-in Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoyulmasını tarixi hadisə kimi dəyərləndirib, bunun Türkiyədə tükənməz sevinc yaratdığını diqqətə çatdırıb.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edən Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 2016-ci ilin 15 iyul hadisələrinə münasibət bildirərək vurğulayıb ki, tarixin ağır sınaqlarından hər zaman üzü ağ çıxan Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək, bu ağır terrorun, dövlət çevrilişi cəhdinin qarşısını mətinliklə alıb. Azərbaycan və Türkiyənin dövlətçilik tarixində paralellər aparan Milli Məclisinin komitə sədri 30 illik işğala son qoyulandan sonrakı vəziyyətdən bəhs edərək əminliklə bildirib ki, Zəngəzur dəhlizinin açılması iki qardaş ölkə, o cümlədən türk dünyasının inteqrasiyasında tamamilə yeni mənzərə yaradacaq.

Sonra tərəflər Azərbaycan və Türkiyə parlamentlərinin komitə və komissiyaları arasında, o cümlədən beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıq əlaqələrinin daha səmərəli davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Diqqətə çatdırılıb ki, ölkələrimiz istər 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınmasında, istərsə də Qarabağ Zəfərinin qazanılmasında bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mesajını verməklə birliyini nümayiş etdirib.

Görüşdə iştirak edən deputatlar da fikirlərini bölüşüblər.

Qeyd edək ki, Milli Məclisin nümayəndə heyətinin Ankaraya səfəri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti əsasında həyata keçirilir.

Deputatlar səfər çərçivəsində 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü münasibətilə keçiriləcək tədbirlərə qatılacaq, 15 iyul şəhidlərinin xatirəsini anacaqlar.

Səfər iyulun 16-da başa çatacaq.