logo

MTRŞ və MEDİA televiziya sahəsində Türkiyə təcrübəsini müzakirə ediblər

15:55 13-07-2021 | icon 1617
MTRŞ və MEDİA televiziya sahəsində Türkiyə təcrübəsini müzakirə ediblər

İyulun 13-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində “Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” mövzusunda seminar keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib.Qeyd edilib ki, tədbirdə Türkiyə Respublikasında televiziya reytinqlərini öyrənən TİAK “Televizyon İzleme Araştırmaları” Anonim Şirkətinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Milli Televiziya və Radio Şurasının rəsmi nümayəndələri, ümumölkə televiziya kanallarının rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov tədbir iştirakçılarını və qonaqları salamlayıb, Azərbaycan-Türkiyə Birgə Media Platforması çərçivəsində keçirilən tədbirlərin davamı kimi bu tədbirin xüsusi önəmini vurğulayıb. O bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da audiovizual sənayenin inkişafının baza şərtlərindən biri keyfiyyətli və mötəbər televiziya izləmə reytinqlərinin ölçülməsidir. Azərbaycanda bu sahədə olan mövcud problemlərin teleradio reklam bazarının zəif inkişaf etməsinə gətirib çıxardığı vurğulanıb. Son illərdə bu sahədə inamlı addımlar atan Türkiyə teleradio sahəsi və orada mövcud reytinq ölçmə sistemi Azərbaycanda da maraqla öyrənilir. Şura sədri qeyd edib ki, TİAK nümayəndələrinin Bakı şəhərində belə bir təqdimat keçirməsi və Azərbaycanda Türkiyə təcrübəsinin müzakirəsi xüsusi əhəmiyyət daşıyır.

Sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlardan söz açıb, qardaş Türkiyənin media sahəsində atdığı uğurlu addımlarının Azərbaycanda da yaxından izlənildiyini və həmin təcrübənin öyrənilməsinin müsbət əhəmiyyətini qeyd edib.

TİAK-ın Baş direktoru Dursun Güleryüz dəvətə və tədbirin təşkilinə görə təşəkkürünü bildirib, TİAK şirkəti və onun fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra TİAK-ın Texniki komitəsinin üzvü Ogün Doğan Akyol qurumun televiziya izləmələrinin ölçülməsi sahəsindəki fəaliyyətinə həsr edilmiş geniş videotəqdimat keçirib.

Tədbirin ikinci hissəsində Türkiyə tərəfinin etdiyi təqdimat və müasir reytinq ölçmə sisteminin Azərbaycanda mümkün tətbiqi barədə geniş müzakirələr aparılıb.