logo

Azərbaycan-Niderland parlamentlərarası əməkdaşlığının perspektivləri müzakirə edilib

19:37 12-07-2021 | icon 2583
Azərbaycan-Niderland parlamentlərarası əməkdaşlığının perspektivləri müzakirə edilib

İyulun 12-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev Niderland Krallığının ölkəmizdəki səfiri Pauline Eizema ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Səməd Seyidov Niderland səfirinin bu günlərdə diplomatik korpusun nümayəndələri ilə Füzuli və Şuşaya səfərini yüksək qiymətləndirib. Komitə sədri bu ilin iyunun 18-də Milli Məclisdə Niderland parlamenti tərəfindən Azərbaycana qarşı qərəzli və birtərəfli qaydada qəbul edilən qətnamələrin kontekstində Azərbaycan-Niderland ikitərəfli münasibətlərinin müzakirə olunması barədə məlumat verib.

Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev isə diqqətə çatdırıb ki, Niderland parlamenti Milli Məclisin bu məsələ ilə bağlı müraciətlərinə, dialoq təkliflərinə heç bir reaksiya verməyib və hər hansı bir fikir mübadiləsindən yayınıb.

Pauline Eizema Niderland parlamentinin Milli Məclisin məktub və müraciətlərinə cavab verməməsini və birtərəfli qərarların qəbulunu Niderland cəmiyyətinin erməni diasporunun məlumat selinə məruz qalması ilə əlaqələndirib. O, səfir kimi bölgədə gedən prosesləri hökumətinə olduğu kimi çatdırdığını, bu məsələlərdə parlamentdən fərqli olaraq Niderland hökumətinin balanslaşdırılmış yanaşma sərgilədiyini qeyd edib.

Sonra görüşdə Azərbaycanla Niderland arasında parlamentlərarası əməkdaşlığın gələcəyi və digər məsələlər müzakirə edilib.