logo

Atletimiz "Tokio-2020"yə getməkdən imtina etdi, lisenziyası ləğv edildi

12:02 12-07-2021 | icon 2968
Atletimiz "Tokio-2020"yə getməkdən imtina etdi, lisenziyası ləğv edildi

Azərbaycanın legioner atleti Aleksis Kopello "Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının (AAF) baş katibi Məhərrəm Sultanzadə məlumat verib.

Onun sözlərinə görə, kubalı legioner zədəli olduğu üçün nüfuzlu yarışı buraxmağı qərara alıb: "Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası Kopellonun lisenziyasını artıq təsdiqləmişdi. Lakin atlet gümüş medal qazandığı Avropa çempionatından sonra - mayda olimpiadaya hazırlıq prosesi zamanı axillindən zədə almışdı. Həkimlər onun sağalacağını demişdilər. Amma mümkün olmadı. Düzdür, qaçır, amma tulana bilmir. Bilirsiniz ki, onun yaşı da az deyil, 35 yaşındadır. Cavan olsaydı, bəlkə də əzələləri daha tez sağalardı. İstəsəydi, olimpiadaya gedə bilərdi. Amma orada çıxış edə bilməyəcəkdi. Sonra hamı deyəcəkdi ki, bu, turist kimi gedib və digər idmançının hüququnu əlindən alıb. Dünya atletikasında etika məsələsinə ciddi fikir verirlər. Bizə əvvəlcədən məktub yazmışdılar ki, idmançınızın orada çıxış edəcəyinə əmin deyilsinizsə, yarışdan imtina edin, digər atleti dəvət edək".

M.Sultanzadə Kopellonun Azərbaycan üçün yarışmağa davam edəcəyini vurğulayıb: "Yaşını nəzərə alsaq, bu, onun sonuncu olimpiadası ola bilər. Amma Azərbaycan millisində çıxışını davam etdirir. Gələn il İslam Həmrəyliyi Oyunları, Avropa və dünya çempionatı var. Bərpa olunsa, davam edəcək. Kopello ispaniyalı xanımla evlənib və hazırda bu ölkədə yaşayır. Şəxsi məşqçisi də oradadır. Onun rəhbərliyi altında məşq edir".

Azərbaycanı Olimpiya Oyunlarında iki atlet - 3 təkanla tullanmada Nazim Babayev və çəkicatmada Anna Skidan təmsil edəcək. AAF rəsmisi hər iki idmançının yarışa hazırlaşdıqlarını bildirib: "Skidan hazırda Türkiyədə təlim-məşq toplanışındadır. Nazim Babayev isə Bakıya qayıdıb. Onun da zədəsi var idi, amma müalicə alır və artıq vəziyyəti yaxşıdır".

Qeyd edək ki, "Tokio-2020" Yay Olimpiya Oyunları 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.