logo

Daxili İşlər Nazirliyi toylarla bağlı əhaliyə müraciət etdi

15:55 09-07-2021 | icon 637
Daxili İşlər Nazirliyi toylarla bağlı əhaliyə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) karantin rejimində toy mərasimlərinin təşkili ilə bağlı əhaliyə müraciət edib.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müraciətdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, bu il iyulun 1-dən qapalı məkanlarda 150, açıq havada isə 50 nəfərin iştirakı ilə toy şənliklərinin keçirilməsinə icazə verildiyi xatırladılıb. Lakin aparılan yoxlamalar nəticəsində bəzi hallarda həmin qərardan irəli gələn tələblərin pozularaq toylarda icazə verilən saydan artıq qonaqların iştirak etdiyi, eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiqləyən COVID-19 pasportunun hələ də olmadığı bildirilib.

“Daxili İşlər Nazirliyi övladına toy etməyi planlaşdıran vətəndaşlarımızı öncədən təbrik edir, eyni zamanda, onlardan təşkil edəcəkləri toy və digər şənlik mərasimləri zamanı koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün qərarlara, o cümlədən dəvət edilən qonaqların say məhdudiyyətinə, onların COVID-19 pasportuna malik olmaları tələbinə ciddi nəzarət və riayət etməyi xahiş edir.

Əks təqdirdə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə nəzarəti həyata keçirən aidiyyəti orqanlar qanunvericiliyin tələblərinə uyğun olaraq cəza tədbirləri görmək məcburiyyətində qalacaqlar”, - deyə müraciətdə qeyd olunub.