logo

ATƏT Parlament Assambleyası Bürosunun iclası keçirilib

15:10 11-06-2021 | icon 4067
ATƏT Parlament Assambleyası Bürosunun iclası keçirilib

İyunun 10-da ATƏT Parlament Assambleyası (ATƏT PA) Bürosunun onlayn iclası keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, iclas çərçivəsində gələn ay ATƏT PA-nın illik sessiyasının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Büro iclasını açıq elan edən ATƏT PA-nın prezidenti Lord Piter Bouness sözü qurumun Baş katibi Roberto Montellaya verib. R.Montella ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik, eləcə də İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, həmçinin Demokratiya, insan hüquqları və humanitar suallar komitələrinin iclaslarının tam olaraq onlayn formatda keçirilməsini təklif edib. Baş katib, həmçinin daimi komitənin iclasının iyulun 5-də, plenar iclasın isə iyulun 6-da hibrid formatda təşkili ilə bağlı təklif irəli sürüb.

Büro üzvləri iclasların keçirilmə qaydası ilə bağlı Baş katibin səsləndirdiyi təklifə müsbət yanaşdıqlarını bildirərək illik sessiyanın formatını təsdiq ediblər.

ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev görüşün gündəliyindəki məsələlərə münasibət bildirib, müzakirə edilən sənədlərə təklif və tövsiyələrini səsləndirib. Azay Quliyev iyunun 4-də Kəlbəcərdə 2-si jurnalist olmaqla, 3 nəfərin minaya düşərək həlak olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb. Deputat bu günə qədər 140 azərbaycanlının minaların qurbanına çevrildiyini, 27 nəfərin isə həlak olduğunu bildirib. O, Ermənistan tərəfindən minalanmış sahələrin xəritəsinin verilməməsinin beynəlxalq hüququn və 1949-cu il Cenevrə Konvensiyasının ciddi pozuntusu olduğunu vurğulayıb.

İclasda, həmçinin ATƏT PA rəsmilərinin onlayn seçkisinin keçirilməsi ilə bağlı məsələlər, eləcə də illik sessiyada komitələr tərəfindən təqdim ediləcək hesabatların ilkin layihəsi müzakirə olunub.