logo

Peyvəndləmə zamanı hər iki dozanın eyni şirkətdən olması vacibdir-TƏBİB

11:58 10-06-2021 | icon 6531
Peyvəndləmə zamanı hər iki dozanın eyni şirkətdən olması vacibdir-TƏBİB

COVID-19 infeksiyasına qarşı peyvənd vurdurmaq istəyənlər isə bir sıra qaydaları nəzərə almalıdırlar. İlk peyvənd dozası bir, ikinci doza isə başqa şirkətin istehsalı ola bilər, lakin əsas məsələ odur ki, peyvəndlərin vurulması arasındakı vaxt  məsafəsi azı 28 gün olmalıdır.

YeniAvropa xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib. 

O, vurğulayıb ki, eyni şəxsin vaksinasiyası zamanı eyni qrup peyvəndin istifadəsi daha məqsədəuyğundur.

"Fərqli ölkələrin peyvəndini vurdurmaq istəyənlər isə bir sıra qaydaları nəzərə almalıdırlar. Həmin halı şərtləndirən bəzi zəruri məqamlar ola bilər. Lakin əsas odur ki, aradan minimum 28 gün keçməlidir ki, ikinci fərqli qrupdan istifadə olunsun. Bu, o zaman tətbiq edilə bilər ki, ilkin vurulan peyvənd dozasının ya vaxtı keçir və yaxud əvvəl edilən peyvənd əlçatan olmasın”.

Vasif Əliyev  qeyd edib ki, fərqli qrup peyvəndlər fərqli mexanizmlərdə anticisimlər yaradır. Bu baxımdan müxtəlif qrup peyvənddən istifadə olunması tövsiyə edilmir.

"Hazırda ölkəmizə gətirilən bütün peyvəndlər iki dozada vurulur. İkinci doza peyvəndin tətbiq edilməsi mütləqdir. Qoruyuculuq yaranmasını istəyiriksə, mütləq eyni qrup peyvənd ikinci dozada da tətbiq olunmalıdır. Yalnız Johnson&Johnson peyvəndi bir dozada istifadə olunur və həmin peyvənd bizim ölkədə yoxdur. Lakin onun qoruyuculuğu digər peyvəndlərdən daha aşağıdır. Ona görə də mütləq iki dozada vurulmalıdr ki, anticisimlərin yaranmasına səbəb olsun. Buna əməl edilmədikdə qoruyuculuq aşağı olur və bu da gələcək fəsadlardan qorumur”, - deyə V.Əliyev bildirib.

Həkim-infeksionist onu da əlavə edib ki, hazırda ölkəmizdə peyvəndləmə prosesi sürətlə gedir və COVID-19 pasportu alanlara imtiyazların verilməsi əhalinin vaksinasiyaya marağını daha da artırıb.