logo

Aslan İsmayılov: “Vəzifəli şəxslər baş nazir Əli Əsədovun "Narşərab" restoranında toy edirlər"

09:58 09-06-2021 | icon 2030
Aslan İsmayılov: “Vəzifəli şəxslər baş nazir Əli Əsədovun "Narşərab" restoranında toy edirlər"
"Bir ildən artıqdır ki, koronavirusla bağlı Azərbaycanda toylar qadağan olunub. Kənd yerlərində 15-20 insanın iştirakı ilə keçirilən toylar isə amansızcasına dağıdılıb, iştirakçılar bütün ölkədə rüsvay edilib. Dindar olmasam da 15-20 nəfər dindarların yığışdığı məscidlərin də bağlı olduğunu bilirəm. Bu müddət ərzində isə imkanlı, vəzifəli şəxslər istədikləri kimi toylar ediblər".
 
 YeniAvropa xəbər verir ki, bu barədə tatınmış hüquqşünas Aslan İsmayılov "Facebook" hesabında status paylaşıb.
 
A.İsmayılov bildirib ki, ölkədə ciddi karantin rejiminə baxmayaraq,  ən üst qatda təmsil olunan məmurların obyektlərində toylar keçirilib. 
"Elə bir neçəsi baş nazir Əli Əsədova məxsus "Narşərab" restoranında olub. Bu günlərdə isə Bakıda 200 nəfərdən artıq insanın iştirak etdiyi təmtəraqlı konsert keçirilib, ancaq nədənsə nə oranı dağıdan, nə də iştirakçıları ölkəyə nümayiş etdirən olmadı. Sosial şəbəkələr məsələni ictimailəşdirəndə isə obyekt sahibinə 4 min manat cərimə kəsildi. Yəni, gözə kül üfürdülər və yel qayadan heç nə aparmadı. Bundan sonra da "insanlar niyə narazıdır" deyirlər.
Müharibə və sonrakı müddət elə bu günlərdə də çalışıram maksimum hakimiyyətə tənqidlərimdə diqqətli olum. Yenə də göz yummaq istəsəm də alınmır. Vallah Allahsızlıq edirlər. Buna susmaq özünə nifrət etməkdir. Bəziləri münasibətimi görüb hesab etdilər ki, artıq hakimiyyətə yaxınam, ona görə də susacam. Tam səmimi deyirəm, elə bu gün də hakimiyyəti müdafiə etmək istəyirəm, buna var gücümlə çalışıram. Ancaq hakimiyyəti Dövlətə qulluq etdiyi qədər müdafiə edəcəm. Kimlərinsə alverinə şərik olmaq fikrim yoxdur.
Sonda bir daha deyirəm ki, insanlar çox narazıdır və bunun sonu heç də yaxşı qurtarmayacaq. Gec deyilkən ayılın".