logo

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək

16:39 08-06-2021 | icon 2492
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək

İyunun 18-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) ərazisində yerləşən “Kosmos” pavilyonunda MDB İqtisadi Şurasının 90-cı iclası təşkil olunacaq.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətində YeniAvropa-ya bildirilib ki, Birlik ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri MDB-yə üzv dövlətlərin iqtisadi əməkdaşlığının müxtəlif sahələrini əhatə edən bir sıra məsələləri müzakirə edəcəklər.

İclasın gündəliyinə XTNS ərazisində MDB-yə üzv dövlətlərin sərgi-satış mərkəzlərinin yaradılması barədə məsələ daxil edilib.

Hazırda XTNS ərazisində Azərbaycan, Ermənistan, Belarusun pavilyonları fəaliyyət göstərir və test rejimində Moldovanın pavilyonu açılıb. Cari ildə Qazaxıstan, Qırğızıstan və Özbəkistan pavilyonlarının da işə başlayacağı gözlənilir.

Bu sərgi-satış mərkəzlərinin MDB-nin bu il qeyd olunacaq 30 illik yubileyinə həsr edilən tədbirlərin keçirilməsində fəal iştirak edəcəyi planlaşdırılır.

MDB İqtisadi Şurasının iclasının gedişində Birliyin Dövlətlərarası Statistika Komitəsi tərəfindən 2020-ci il ərzində üzv ölkələrin iqtisadiyyatının inkişafının məqsədli əsas makroiqtisadi göstəriciləri barədə hesabat təqdim olunacaq.

MDB İqtisadi Şurasının üzvləri, həmçinin MDB-yə üzv dövlətlərin energetika sahəsində əməkdaşlığı Konsepsiyasının icrası üzrə Təxirəsalınmaz Tədbirlər Planının və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində MDB-yə üzv dövlətlərin Əməkdaşlıq Konsepsiyasının icrası üzrə Təxirəsalınmaz Tədbirlər Planının icrasının yekunları barədə məlumatlandırılacaqlar.

İclas iştirakçıları 2026-cı ilədək olan dövrdə fitomonitorinq və çəyirtkə fəsiləsindən olan zərərvericilərə qarşı mübarizə üzrə milli proqramın işlənib hazırlanması və həyata keçirilməsi üzrə Yol xəritəsini, həmçinin əməkdaşlığın inkişafı üzrə sənədləri nəzərdən keçirəcəklər.