logo

Sabah Bakıda 30° isti olacaq

13:29 08-06-2021 | icon 1722
Sabah Bakıda 30° isti olacaq

Azərbaycanda iyunun 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20°, gündüz 25-30° isti, Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

İyunun 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 7-12°, gündüz 16-21° isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 29-34° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 16-21° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 27-31° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 22-27° isti, dağlarda gecə 5-10°, gündüz 11-16° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-20°, gündüz 23-28° isti, dağlarda gecə 12-16°, gündüz 18-21° isti olacağı gözlənilir.