logo

Jurnalistlər Aİ-nin Azərbaycanda  reallaşdırdığı layihələrlə tanış olublar

13:09 08-06-2021 | icon 1659
Jurnalistlər Aİ-nin Azərbaycanda  reallaşdırdığı layihələrlə tanış olublar

Azərbaycanın media nümayəndələrinin Avropa İttifaqı tərəfindən ölkəmizin regionlarında reallaşdırılan layihələrlə tanış olmaq üçün Şamaxı, İsmayıllı və Qəbələ rayonlarına səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan səfərin məqsədi Aİ-nin ölkəmizin regionlarındakı fəaliyyəti barədə ictimai məlumatlılığı artırmaqdır.

Media nümayəndələri Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Böyük Qafqaz dağları ərazisində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi”, “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması”, “COVID – 19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi”, “Azərbaycan Regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi (ADSMİRRA)”, “Məsləhət xidmətləri vasitəsilə aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması, aqroturizmin inkişafı” layihələrinin yerinə yetirilməsi və onların bəzi benefisiarları ilə yaxından tanış olacaqlar.

Bundan əlavə, Şamaxıdakı 9 nömrəli orta məktəbdə Aİ-nin ölkəmizdəki nümayəndəliyi Azərbaycan dilinə tərcümə olunmuş "Avropa nağılları" kitabının təqdimatı keçiriləcək. Burada Aİ-yə üzv olan 27 ölkənin xalqlarının nağılları, əfsanə və miflər toplanıb. Kitabın məqsədi Avropanın müxtəlifliyi, eyni zamanda, ortaq dəyərlərə bağlılığı və ümumi Avropa irsi barədə məlumatlandırmanı artırmaqdır.

Səfər çərçivəsində media nümayəndələri şərab istehsalı, arıçılıq, aqrar turizm, dərzilik, heyvandarlıq sahələrində yardım alan benefisiarlarla görüşəcəklər.