logo

Bu gün "Formula-1" Azərbaycan Qran-Prisinə start veriləcək

09:04 04-06-2021 | icon 5159
Bu gün "Formula-1" Azərbaycan Qran-Prisinə start veriləcək

Bu gün Bakıda "Formula-1" üzrə dünya çempionatının altıncı – Azərbaycan Qran-Pri yarışlarına start veriləcək.

 YeniAvropa xəbər verir ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.

Nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.

Layihənin müəllifi bütün müasir "Formula-1" treklərinin memarı olan Herman Tilkedir.

Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışın start və finiş xətləri "Azadlıq" meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Bu gün "Formula-1" və "Formula-2" üzrə sərbəst yürüşlər təşkil olunacaq. İyunun 5-də "Formula-1" üzrə sərbəst və sıralama yürüşü, "Formula-2" üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 6-da "Formula-1" Azərbaycan Qran-Prisi, həmçinin "Formula-2" üzrə ikinci yürüş baş tutacaq.