logo

Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələri müzakirə edilib

16:56 02-06-2021 | icon 1785
Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələri müzakirə edilib

İyunun 2-də Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı çərçivəsində İslamabadda Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Xalq Palatasının sədri Mir Rahman Rahmani ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, söhbət zamanı Milli Məclisin sədri Azərbaycan və əfqan xalqları arasında tarixən dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu söyləyib. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. İki ölkə arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının görüşləri və aparılan danışıqlar mühüm rol oynayıb.

Parlamentin sədri 44 günlük Vətən müharibəsində, eləcə də artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin bütün dövrlərində Əfqanıstanın Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləməsindən razılıqla danışıb. Qeyd edib ki, Əfqanıstanın dövlət strukturlarının, o cümlədən Milli Assambleyanın Ağsaqqallar Şurasının və Xalq Palatasının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatları Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Sahibə Qafarova bu haqlı mövqeyə və dəstəyə görə həmkarına və Əfqanıstan xalqına minnətdarlığını ifadə edib.

Milli Məclisin sədri hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsinin qanunverici orqanlar səviyyəsində əlaqələrimizin inkişafı baxımından önəmini vurğulayıb.

Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Xalq Palatasının sədri Mir Rahman Rahmani bildirib ki, bu gün ölkələrimiz arasında siyasi münasibətlərlə yanaşı, həyatın digər sahələrində də əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq münasibətləri əməkdaşlığımızın dərinləşməsində əhəmiyyətli rol oynayır.

Parlamentlər səviyyəsində əlaqələrimiz də yüksələn xətlə inkişaf etməkdədir. Deputatların qarşılıqlı səfərləri, onların müxtəlif beynəlxalq qurumlar çərçivəsində mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından önəmlidir.

Qeyd edilib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarda nümayəndə heyətlərinin bir araya gəlməsi regional layihələrin reallaşmasına təkan verə bilər.

Söhbət zamanı beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlıq, parlamentlərarası əlaqələrin inkişafı, terrorizmə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılıb.