logo

Ceyhun Bayramov İtaliyanın yeni səfirini qəbul edib

18:30 01-06-2021 | icon 574
Ceyhun Bayramov İtaliyanın yeni səfirini qəbul edib

İyunun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizdə yeni təyin edilmiş səfiri Klaudio Taffuri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, İtaliya səfiri Klaudio Taffuri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov Klaudio Taffurini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə İtaliya arasında mövcud olan yüksəksəviyyəli əməkdaşlıq əlaqələrini vurğulayaraq, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini qeyd edib, yeni səfirin fəaliyyəti dövründə bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını bildirib.

Nazir, həmçinin səfir Klaudio Taffuriyə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib. Vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında mövcud olan fikir ayrılıqlarının, o cümlədən sərhəd gərginliyi məsələlərinin danışıqlar yolu ilə həlli vacibdir.

Səfir Klaudio Taffuri ikitərəfli münasibətlərinin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ümumi fikir mübadiləsi aparıblar.