logo

İsraildə bütün koronavirus məhdudiyyətləri aradan qaldırılıb

11:55 01-06-2021 | icon 5880
İsraildə bütün koronavirus məhdudiyyətləri aradan qaldırılıb

İsraildə iyunun 1-dən etibarən qapalı məkanlarda maska taxma məcburiyyəti və ölkəyə gələnlər üçün karantin tələbləri istisna olmaqla, koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılıb.

YeniAvropa “Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bu gündən etibarən yığıncaqların sayına qoyulan məhdudiyyətlər də ləğv edilib. Həmçinin İsrail vətəndaşlarından vaksinasiya və ya koronavirusdan sağalma barədə sənəd tələb olunmayacaq.

Gələn həftədən başlayaraq ölkədə 12-15 yaş arası uşaqlar koronavirus əleyhinə peyvənd olunacaq. İsraildə artıq 20 yaşdan yuxarı əhalinin 70 faizindən çoxu vaksinasiya edilib.

Son günlər İsraildə koronavirusa yoluxma hallarında kəskin azalma müşahidə olunur. Belə ki, şənbə günü sutka ərzində 12 yeni yoluxma, bazar günü isə cəmi 4 yeni yoluxma halı aşkarlanıb.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, 9 milyondan bir qədər çox əhalisi olan İsraildə indiyədək 839 mindən çox insan koronavirusa yoluxub, 832 min nəfər sağalıb, 6 min 412 nəfər isə infeksiya səbəbindən həyatını itirib.

İsrail hazırda epidemioloji təhlükə üzrə “qırmızı siyahıya” daxil olan bir sıra ölkə vətəndaşları üçün giriş məhdudiyyətlərini saxlayır. Ölkəyə gələn xarici vətəndaşlar koronavirus testindən keçməli və yola düşməzdən 72 saat öncə keçdikləri testin nəticələrini təqdim etməlidir.