logo

Milli Məclisin sədri Sahibə Qafarovanın Pakistana səfəri başlayıb

10:11 01-06-2021 | icon 4410
Milli Məclisin sədri Sahibə Qafarovanın Pakistana səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Pakistan İslam Respublikasına səfəri başlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Bildirilib ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-də Pakistan İslam Respublikasına səfərə gəlib.

Ölkənin paytaxtı İslamabadın “Nur Xan” hava limanında nümayəndə heyətimizi Pakistan Senatının sədr müavini Məhəmməd Mirzə Afridi, Milli Assambleyanın üzvü, Millətlər Birliyi Qadın Parlamentarilərin sədri xanım Şahdana Gulzar Xan, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və digər rəsmi şəxslər qarşılayıblar.

İyunun 1-də nümayəndə heyətinin üzvləri burada işə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransına qatılacaqlar.

Xatırladaq ki, iyunun 4-dək davam edəcək səfərin ilk hissəsi işgüzar xarakter daşıyır. Belə ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İslamabadda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak edəcək, tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək. Milli Məclisin sədri konfransda çıxış edəcək.

Burada Milli Məclis sədrinin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Pakistan tərəfinin dəvəti ilə iyunun 3-dən başlayacaq rəsmi səfər çərçivəsində isə  parlamentin sədri Sahibə Qafarovanın bu ölkənin prezidenti, baş naziri, Senatın sədri, Milli Assambleyanın spikeri və ölkəmizlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşləri planlaşdıılıb.

Səfər çərçivəsində baş tutacaq görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşməsi barədə fikir mübadiləsi aparılacaq.

 Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycanın parlament nümayəndə heyətinin tərkibində Milli Məclisin komitə sədrləri Qənirə Paşayeva, Tahir Mirkişili, komitə sədrlərinin müavinləri Məlahət İbrahimqızı, Tahir Kərimli, deputat İlham Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər yer alıb.