logo

Milli Məclisin yaz sessiyası başa çatıb

17:11 31-05-2021 | icon 1890
Milli Məclisin yaz sessiyası başa çatıb

Mayın 31-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclas keçirilib. İclasda əvvəlcə 6 məsələdən ibarət gündəlik təsdiqlənib.

 YeniAvropa xəbər verir ki, cari məsələlərin müzakirəsində deputatlar Fazil Mustafa, Qənirə Paşayeva,  Azay Quliyev, Bəxtiyar Əliyev, Elman Nəsirov, Elşən Musayev, Bəhruz Məhərrəmov, Cavid Osmanov, Zahid Oruc bir sıra məsələləri diqqətə çatdırıblar.

Plenar iclasda əvvəlcə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi (üçüncü oxunuş) müzakirəyə çıxarılıb. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın məlumatı dinlənildikdən sonra deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Aydın Mirzəzadə rəy və təkliflərini bildiriblər. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov layihədə deputatları maraqlandıran bəzi məqamlara aydınlıq gətirib. Komitə sədri Qənirə Paşayeva sualları cavablandırıb.

Sonra məsələ səsə qoyulub və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun şərhi dinlənildikdən sonra bu məsələ də səsə qoyulub və 5 fəsil 20 maddədən ibarət qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib. Müzakirədə Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı və Siyavuş Novruzov çıxış ediblər.

Layihə səsə qoyulub və qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra gündəlikdəki növbəti 3 qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini parlamentə təqdim edən komitə sədri Tahir Mirkişili əvvəlcə 2020-ci ilin Azərbaycanın Ermənistan işğalçıları üzərində qazandığı möhtəşəm hərbi, siyasi, iqtisadi Qələbə ili olduğuna diqqət yönəldib, COVID-19 pandemiyasının dünya miqyasında yaratdığı problemlərə toxunub. Bildirib ki, müharibə xərcləri, şəhid ailələrinə, əsgər və zabitlərə qayğının artırılması, sosial dəstək proqramlarının icrası, səhiyyə sisteminin gücləndirilməsi, işğaldan azad edilən ərazilərin bərpası, pandemiyadan əziyyət çəkən sahibkarların dəstəklənməsi 2020-ci il dövlət büdcəsinin icrası qarşısında dayanan mühüm hədəflərdən olub.

Komitə sədri nəzərə çatdırıb ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat proqnoza qarşı 24 milyard 681,7 milyon manat, yəni, proqnozla müqayisədə 2,3 faiz çox icra olunub. Dövlət büdcəsinin xərcləri isə 27 milyard 492,2 milyon manat proqnoza qarşı 26 milyard 416,3 milyon manat icra edilib ki, bu da proqnozla müqayisədə 3,9 faiz az deməkdir. Bildirib ki, dövlət büdcəsində yaranan kəsir proqnoza nisbətdə 2 dəfə az olub. Ötən il xarici və daxili dövlət borclanmaları üzrə icra vəziyyəti müəyyənləşdirilmiş limiti keçməyib.

Tahir Mirkişili vurğulayıb ki, 2020-ci il dövlət büdcəsinin icrası Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi inkişaf və dəstək kursunun ardıcıl surətdə davam etdirilməsi, əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, müdafiə və təhlükəsizik məsələlərinin həlli və iqtisadiyyatın qorunaraq stimullaşdırılması istiqamətində müsbət rolunu oynayıb.

Qanun layihəsinin müzakirəsində deputatlar Fazil Mustafa, Əli Məsimli, Qənirə Paşayeva, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Etibar Əliyev bir sıra təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda “Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov təqdim edib.

Deputatlar “Kredit ittifaqları haqqında” Qanuna təklif olunan dəyişikliyi ikinci oxunuşda məqbul sayıblar.

Gündəlikdəki sonuncu məsələ barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) gündəlikdəki 5-ci məsələ ilə üzvi surətdə bağlıdır. Kredit reyestrləri və kredit ittifaqları haqqında məlumatların verilməməsinə görə İnzibati Xətalar Məcəlləsində cərimə sanksiyaları nəzərdə tutulur.

Məlumat dinlənildikdən sonra Milli Məclis bu Qanunu ikinci oxunuşda dəstəkləyib.

İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bu tədbirin yaz sessiyasının sonuncu iclası olduğunu bildirib. Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 81 deputat növbədənkənar sessiyanın çağırılması üçün mənə müraciət edib. Mən bu barədə sərəncam imzalamışam və iyun ayında bizim növbədənkənar sessiyamız olacaq.

Sonra deputatlara yaz sessiyasının yekunları barədə məlumat verən parlamentin sədri qeyd edib ki, 2021-ci ilin yaz sessiyasında Milli Məclisin 14 iclası keçirilib, 88 qanun və qərar, o cümlədən 1 Konstitusiya qanunu qəbul edilib. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün tədbirlər həyata keçirilib.

Yaz sessiyasının iclaslarında Milli Məclisdə Nazirlər Kabinetinin və Hesablama Palatasının illik fəaliyyətləri barədə hesabatların, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatının, İnsan hüquqları üzrə müvəkkilin və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzələrinin dinlənildiyini qeyd edən Azərbaycan parlamentinin sədri Sahibə Qafarova vurğulayıb ki, bütün dünyanın COVID-19-a qarşı mübarizə şəraitində yaşadığı hazırkı dövrdə pandemiyanın törətdiyi problemlərə baxmayaraq, Milli Məclisin normal iş ahəngi qorunub saxlanılıb, komitə və komissiyaların əksər iclasları videokonfrans formatında keçirilib, beynəlxalq əlaqələrin inkişafı sahəsində də işlər uğurla davam etdirilib.

Çıxışını yekunlaşdıran Sahibə Qafarova Milli Məclisin 2021-ci il yaz sessiyasını bağlı elan edib.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə parlamentin yaz sessiyası başa çatıb.