logo

Moldovada cinayət törətdi-Bakıda yaxalanaraq ölkəsinə təhvil verildi

15:56 31-05-2021 | icon 1624
Moldovada cinayət törətdi-Bakıda yaxalanaraq ölkəsinə təhvil verildi

Milli qanunvericiliyin və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən, Moldova Baş Prokurorluğunun Azərbaycan Respublikası Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Moldova ərazisində cinayət törətmiş şəxs barəsində məhkəmə hökmünün icrasını təmin etmək məqsədilə onun bu ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Moldova vətəndaşı, Soroka məhkəməsinin 2016-cı il 27 oktyabr tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Maksim Preydanın yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb edərək Soroka şəhərində yaşayan Muntyan Anjelanın evinə daxil olub oradan gizli olaraq külli miqdarda ziyan vurmaqla 245 min Moldova leyi dəyərində əşyaları oğurlaması müəyyən olunub.

Maksim Preyda barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyənləşdirilməsi əsası ilə Moldova Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğu təmin olunub və Maksim Preyda mayın 31-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldovanın hüquq-mühafizə orqanlarına təhvil verilib.