logo

“YAŞAT” marafonunda 1 milyon manatdan çox vəsait toplanıb

13:31 31-05-2021 | icon 1743
“YAŞAT” marafonunda 1 milyon manatdan çox vəsait toplanıb

“YAŞAT” xeyriyyə marafonuna start verildiyi 29 aprel tarixindən bu günə qədər 1 milyon manatdan artıq vəsait toplanıb. Xaricdən, diaspor nümayəndələrimiz sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində müvafiq olaraq Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb. Ümumilikdə, diaspora tarixində ilk dəfə keçirilən marafonda 63 ölkədən soydaşlarımız, Azərbaycana dost insanlar, eləcə də ölkəmizdəki yerli icmaların üzvləri iştirak ediblər. 6 ölkədən, o cümlədən ABŞ, Türkiyə, İsrail, İtaliya, Banqladeş və Pakistandan xaricilər marafona qoşulmaqla bağlı çağırışlar səsləndiriblər.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev deyib.

Onun sözlərinə görə, əhatə dairəsi olduqca geniş olub və marafonda hətta Baham adalarından, Trinidad və Tobaqodan, Kolumbiyadan, Braziliyadan, Ekvadordan da insanlar iştirak ediblər: "Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycanı sevən insanların xeyriyyə marafonunda fəal iştirakının təmin olunmasında son 3 ildə müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuraları və Azərbaycan evləri ciddi rol oynayıb.

Xarici mediada xeyriyyə marafonu ilə bağlı 50-dən çox material dərc olunub, sosial şəbəkələrdə, xüsusilə teleqram kanallarında yayılan yüzlərlə məlumatın 10 minlərlə insana çatması təmin olunub".