logo

Dini ibadət və mərasimlərin keçirilməsi qaydası təsdiqləndi

11:54 04-05-2021 | icon 4837
Dini ibadət və mərasimlərin keçirilməsi qaydası təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

 YeniAvropa xəbər verir ki, dəyişikliklə kütləvi dini ibadət, ayin və mərasimlərin keçirilməsi qaydası müəyyənləşib.

1992-ci ildə qəbul edilən “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklərdə məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə də dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, həm də dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.

Qanuna əlavə edilən yeni 6-1-ci maddəyə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunacaq.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq təsdiqlənib.