logo

Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi

15:59 03-05-2021 | icon 4032
Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi

Ermənistan parlamentinin deputatları xüsusi iclasda ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Nazirlər Kabineti rəhbərinin vəzifələrini icra edən Nikol Paşinyanın baş nazir postuna seçilməsinə səs verməyib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Nikol Paşinyanın baş nazir postuna seçilməsinin lehinə 1 deputat, əleyhinə 3 deputat səs verib, 75 deputat isə bitərəf qalıb. Beləliklə Paşinyan baş nazir postuna seçilməyib. Bu barədə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan bildirib.

Baş nazirin seçilməsi üzrə yeni iclasın mayın 10-da keçiriləcəyi gözlənilir. Əgər parlament üzvləri yenidən Nikol Paşinyanın seçilməsinin əleyhinə səs versə, qanunverici orqan buraxılacaq, prezident Armen Sarkisyan isə növbədənkənar seçkilərin vaxtını təyin etməli olacaq.

Nikol Paşinyanın sözlərinə görə, siyasi güclər razılaşmanı pozaraq baş nazir postuna namizədlər irəli sürsələr “Mənim addımım” fraksiyası Nazirlər Kabinetinin yeni rəhbərini seçəcək.

Qeyd edək ki, Nikol Paşinyan respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün aprelin 25-də istefa verib. O, hazırda Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edir. Texniki prosedura uyğun olaraq, baş nazirin ardından ölkə hökuməti də istefaya gedib.

Parlamentin müxalif “Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyaları Paşinyanın istefasından sonra baş nazir postuna namizəd irəli sürməyəcəklərini elan ediblər. Ermənistanın əsas siyasi gücləri artıq növbədənkənar parlament seçkilərində iştirak edəcəklərini bildiriblər. Ekspertlərin fikrincə, seçkilərdə “Mənim addımım" fraksiyasının əsas rəqibləri sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın blokları olacaq.