logo

ABŞ dövlət katibi İlham Əliyevə zəng etdi

22:46 28-04-2021 | icon 2093
ABŞ dövlət katibi İlham Əliyevə zəng etdi

Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib.

Telefon zənginə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd edib, Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə bir daha təşəkkür edib. Regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğulayıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırıb, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd edib.

Prezident İlham Əliyev, eyni zamanda, regionda kommunikasiyaların açılmasının önəmini vurğulayıb və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqlarının təmin olunması, siyasi plüralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar.

Entoni Blinken bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib.

Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirib.

Azərbaycan prezidenti, eyni zamanda, bu günlərdə ABŞ prezidentinin "erməni soyqırımı" ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.