logo

Qənirə Paşayeva: Co Bayden “erməni soyqırımı” ifadəsini işlətməklə dünya ermənilərinin yalan dəyirmanına su tökmüş oldu

17:29 27-04-2021 | icon 1813
Qənirə Paşayeva: Co Bayden “erməni soyqırımı” ifadəsini işlətməklə dünya ermənilərinin yalan dəyirmanına su tökmüş oldu

ABŞ Prezidenti Co Bayden “erməni soyqırımı” ifadəsini işlətməklə dünya ermənilərinin yalan dəyirmanına su tökmüş oldu. ABŞ rəhbəri bununla böyük tarixi səhvə yol verdi.

YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Q.Paşayeva xatırladıb ki, 40 il bundan əvvəl ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan o vaxt “erməni soyqırımı” ilə bağlı araşdırma aparılmasına tapşırıq vermişdi. Araşdırılma aparıldıqdan sonra ortalığa çıxan mənzərəni prezidentin məsləhətçisi Bryus Feysn belə şərh edirdi: “Araşdırmalar göstərdi ki, ermənilərin “soyqırımı” ilə bağlı söylədikləri əsassızdır. “Erməni soyqırımı” haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır. Birinci Dünya müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdılar və Osmanlı imperiyasının düşməninə sığındılar. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin-çiyinə vuruşurdu. Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdülər. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi. Hər şeyə rəğmən, Türkiyə tərəfi bizə arxivlərindən istifadəyə icazə verdi, amma ermənilər arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər. Mənim fikrimcə, əgər bu arxivləri açmağı bacarsaq, həqiqət üzə çıxacaq. O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaq”.

Deputat diqqətə çatdırıb ki, Ronald Reyqan o zaman işlətdiyi “erməni soyqırımı” ifadəsi ilə necə böyük yanlışlığa yol verdiyini anlamışdı. Qırx il keçəndən sonra Bayden növbəti yanlışlığa yol verdi. Dövlət başçısı vəzifəsini daşıyan bir şəxs sələfinin imtina etdiyi yanlışlığı hansı tarixi zərurətlə təkrar edir? Bu, olmamış bir “soyqırımı” olayının üzərindən 106 il keçəndən sonra böyük bir dövlətin kiçik Ermənistan üçün yalana, riyakarlığa ortaq olması anlamına gəlir.

Komitə sədri bildirib ki, Ermənistan saxta və uğursuz dövlətdir, bu ölkənin siyasi-hərbi rəhbərliyi həmişə eyni vaxtda “iki stulda oturmağa” çalışıb. Bütün ideologiyalar Ermənistanın rəhbərliyi üçün öz erməniliklərini yeritmək, xəstə təxəyyüllərini maddi müstəvi üzərində reallaşdırmaq üçün vasitə olub. “ABŞ Prezidenti qondarma “erməni soyqırımı” yalanı ilə onilliklər boyu dünya birliyini riyakarlığına və təxribatlarına ortaq etməyə çalışan bir ölkəyə dəstək göstərməməli və özünü dünyada sülhün, demokratiyanın avanqardı hesab edən ölkənin başçısı kimi belə səhvi etməməli idi. ABŞ ədalət axtarırsa, NATO-nun üzvü olan Türkiyəni 106 il öncə olmamış “soyqırımı”nda günahlandırmaq əvəzinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü Ermənistanın 29 il bundan əvvəl törətdiyi Xocalı soyqırımını tanısın.

Qənirə Paşayeva bildirib ki, ABŞ rəhbəri hansısa siyasi məqsədlərinə görə tarixi gerçəkliyi təhrif etməməli, tarixi tarixçilərin öhdəsinə buraxmalıdır. Türkiyə öz arxivlərini açmağa hazır olmasına baxmayaraq, Ermənistanın öz arxivlərini bu mövzuda qapalı tutmasının səbəbi öyrənilməlidir. Ermənistanın, dünya ermənilərinin tarixi faktları saxtalaşdırması, əsassız iddialar üzərində gələcək inşası təkcə Türkiyəyə və Azərbaycana qarşı olmayıb, bütün qonşulara qarşı yönəlib. Gürcüstanda Axalkalaki bölgəsinə açıq-gizli iddialar irəli sürən erməni cəmiyyətinin, orada Gürcüstan dövləti üçün siyasi-milli, etnik təxribatlar üçün hər cür zəmin hazırladığı sirr deyil. Hələ 1918-ci ildə indiki İran ərazisində də soyqırımı aktları törətmiş ermənilərin bu hərəkətləri nə üçün etdiyi aydındır: yerli əhalini didərgin salıb, öldürüb, yeni ərazilər əldə etmək.

Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu deyən deputat qeyd edib: “Necə ki, Türkiyə həmişə bizə dəstək olub, biz də qardaş ölkənin yanında olduğumuzu göstərmişik. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Baydenin bəyanatının regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb.

Deputat bildirib ki, respublikamızda fəaliyyət göstərən 48 siyasi partiya da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirərək xüsusi bəyanatla çıxış edib. Azərbaycan Prezidenti başda olmaqla, dövlətimiz, xalqımız qəlbən qardaş Türkiyənin yanında olduğunu bir daha sübut etdi. Türk Şurası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi də Baydenin bəyanatından narahatçılıq ifadə edərək Türkiyəyə dəstəyini ifadə etdi.