logo

Prokurorluq Başlıbeldə ermənilərin qətlə yetirdiyi şəxslərin adlarını açıqladı

16:26 26-04-2021 | icon 1918
Prokurorluq Başlıbeldə ermənilərin qətlə yetirdiyi şəxslərin adlarını açıqladı

Xəbər verdiyimiz kimi, 1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi şəkildə vəhşicəsinə qətlə yetirdiyi mülki şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyənləşdirilməsi faktları üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb və intensiv istintaq hərəkətləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, cinayət işinin istintaqı zamanı müəyyən olunub ki, Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı, 1993-cü il aprelin əvvələrində Ermənistan silahlı qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirib.

İstintaq materiallarına əsasən, işğaldan əvvəl 259 fərdi evi, 1 orta məktəb, 1 uşaq bağçası, 1 xəstəxanası olan Başlıbel kəndi Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olmaqla əhalisinin sayı 1996 nəfər olub. Ərazisi 3232 hektar olan kənd iki dağ çayının qovuşduğu yerdə, dəniz səviyyəsindən 2000 metr hündürlükdə, Dəlidağın ətəyində rayon mərkəzindən 64 kilometr məsafədə yerləşir.

Müəyyən edilib ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub.

Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 1993-cü il aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkarlayıb, köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları həmin gün saat 15-dən 21 radələrinədək atəşə tutmağa başlayıblar.

Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüblər.

Hücum nəticəsində 14 nəfər (2, 13 və 15 yaşlı üç uşaq, 10 qadın, 4 kişi) - 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9-u aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər.

İstintaq materialları ilə həmçinin müəyyən olunub ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.

Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 1993-cü il mayın 12-də gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

1993-cü il aprelin 19-dan sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər - 21 yaşlı Əhmədova Sevil Binnət qızı, 55 yaşlı Əhmədov Hümmət Əbdüləli oğlu, 45 yaşlı Ələsgərov Ələkbər Ələsgər oğlu, 36 yaşlı Ələsgərova Sərmayə Sadıq qızı, 16 yaşlı Ələsgərov Habil Ələkbər oğlu, 14 yaşlı Ələsgərov Rüstəm Ələkbər oğlu, 12 yaşlı Ələsgərova Samirə Ələkbər qızı, 9 yaşlı Ələsgərova Tacirə Ələkbər qızı, 33 yaşlı Əmralıyev Xasay Məhəmməd oğlu, 31 yaşlı Əmralıyeva Nərgiz Mənsim qızı, 6 yaşlı Əmralıyev Elmdar Xasay oğlu, 4 yaşlı Əmralıyev Şəhriyar Xasay oğlu, 27 yaşlı Əzizov Elşad Həsən oğlu, 25 yaşlı Əzizov İsmət Hüseyn oğlu, 23 yaşlı Cəfərov Mahir Məhyəddin oğlu, 58 yaşlı Qədimov Qədim Muxtar oğlu, 32 yaşlı Həsənov Qəzənfər Mahmud oğlu, 38 yaşlı Həsənov Yahya Mahmud oğlu, 25 yaşlı Əsgərova Həcər Əhliman qızı, 23 yaşlı Əsgərova Laləzər Əhliman qızı, 15 yaşlı Əsgərov Vəkil Əhliman oğlu, 23 yaşlı Abbasov Cəllət Ağaverdi oğlu, 19 yaşlı Mehdiyev Səlim Yusifəli oğlu, 22 yaşlı Abbasquluyev Məzahir Talıb oğlu, 23 yaşlı Abbasov Ədalət Ərzuman oğlu, 25 yaşlı Abdullayev Müzahim Məhərrəm oğlu, 23 yaşlı Əhmədov Xəlil Süleyman oğlu, 22 yaşlı Əsgərov Müşfiq Gülbaba oğlu və 23 yaşlı Muradov Füzuli Əkrəm oğlu 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyulunda Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər.

Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, 2021-ci il aprelin 24-də Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilib və 50 santimetr dərinlikdə torpağa basdırılmış, kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkarlanıb.

Bundan başqa, istintaq hərəkəti zamanı cinayət hadisəsinin baş verdiyi yerdə mülki şəxslərin gizləndiyi mağaralarda aşkarlanmış müxtəlif məişət əşyaları, mülki şəxslərin qəsdən öldürülməsini sübut edən giliz və güllələr cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən qablaşdırlaraq rəsmiləşdirilib. Başlıbel kəndinə dron vasitəsilə keçirilmiş baxış zamanı, həmçinin kənd ərazisində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış evlərinin, inzibati binaların, infrastrukturun tamamilə bünövrəsinə kimi dağıdıldığı aşkarlanıb.

Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin (dezoksiribonuklerin turşusu) təyini məqsədilə nümunlər götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizalar təyin olunub. Hazırda hadisənin sağ qalmış şahidlərinin müəyyənləşdirilməsi, onların dindirilməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.