logo

Milli Məclisin üzvü Azay Quliyev Albaniyada parlament seçkilərini izlıyib

19:20 25-04-2021 | icon 1995
Milli Məclisin üzvü Azay Quliyev Albaniyada parlament seçkilərini izlıyib

Bu gün Albaniyada parlament seçkiləri keçirilir. ATƏT regionundan olan deputatlar da seçki prosesini müşahidə edərək ölkənin bütün bölgələrindəki seçki məntəqələrini ziyarət ediblər.

YeniAvropa xəbər verir ki, ATƏT PA-nın nümayəndə heyəti çərçivəsində 21 ATƏT ölkəsindən 62 deputat və işçi heyəti Tirana, Durres, Vlore, Şkoder, Girokastra və digər bölgələrdə müşahidə missiyasını həyata keçirirlər. ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri Milli Məclisin deputatı Azay Quliyev, ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri isə Avstriyadan olan deputat Reinhold Lopatkadır.

ATƏT PA müşahidəçiləri ATƏT/DTİHB-nin Uzunmüddətli Seçki Müşahidə missiyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti ilə sıx əməkdaşlıqda fəaliyyət göstərirlər. Seçkilərə bir neçə gün qalmış müşahidəçilərə siyasi partiyaların nümayəndələri, seçki analitikləri və ekspertləri, vətəndaş cəmiyyəti, media nümayəndələri və uzunmüddətli müşahidəçilər tərəfindən müvafiq məlumatlar təqdim edilib.

Bu gün səhər Tirana şəhərindəki seçki məntəqələrindən birində müşahidə apararkən Azay Quliyev bildirib: “Beynəlxalq müşahidəçi olaraq ədalətli, demokratik və maneəsiz seçki prosesi görəcəyimizə ümid edirik. Xüsusilə, Tiranadakı bəzi seçki məntəqələrində pilot layihə qismində ilk dəfə tətbiq olunan elektron səsvermə prosesinin nəticələrini görmək istərdim”.

Reynhold Lopatka isə COVID-19 pandemiyasının bəzi problemlər yaratdığını bildirərək deyib: “Müşahidəçilərin, seçicilərin və məsul şəxslərin səhhətini qorumaq üçün bütün lazımi tədbirlər görüldüyündən biz müşahidə prosedurlarını adi qaydada icra edə bilirik. Bütün müşahidəçilərimiz seçkilərdən öncə onlayn brifinqlərdə iştirak edib və COVID testindən keçiblər”.

Xüsusi Koordinator Azay Quliyev Tirananın bir sıra hissələrində, Reynhold Lopatka isə Tiranada və Durresdə səsvermə prosesini izləyir.

Birgə beynəlxalq seçki müşahidə missiyasının nəticələri 2021-ci il 26 aprel tarixində Bakı vaxtı ilə saat 17.00-da onlayn mətbuat konfransı çərçivəsində elan ediləcək (https://www.oscepa.org/news-a-media/press-releases/2021/international-election-observers-to-albania-s-parliamentary-elections-to-hold-press-conference-on-monday).