logo

Cavid Osmanov:"Ermənistan düşmənçilik meyillərindən əl çəkə bilmir"

11:55 24-04-2021 | icon 5369
Cavid Osmanov:"Ermənistan düşmənçilik meyillərindən əl çəkə bilmir"

Avropa Şurasının xətti ilə cari il mayın 11-12-də Rusiyanın paytaxtı Moskvada “Ermənistanla Azərbaycan arasında dialoqu bərpa etmək üçün etimad quruculuğu tədbirləri” mövzusunda görüşün təşkil edilməsi planlaşdırılırdı. Görüşdə hər iki ölkənin vətəndaş cəmiyyətinin nümayəndələrinin, media təmsilçilərinin və təhsil mütəxəssislərinin dəvət olunması nəzərdə tutulurdu. Lakin Ermənistan görüşdən iştirakdan imtina edib. Ermənistanın görüşdən imtina etməsi bir daha onu sübut edir ki, bu ölkə sülhə tam hazır deyil və belə demək mümkünsə, düşmənçilik meyillərindən əl çəkə bilmir.

YeniAvropa xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.

C.Osmanov diqqətə çatdırıb ki, Ermənistan tərəfindən bu kimi addımların atılması heç də birinci dəfə deyil. Bu ölkə işğalçılıq, destruktivlik, separatizm, anti-bəşər meyliləri özü üçün dövlət siyasəti olaraq qəbul edib: “Azərbaycan danışıqlara, sülhə hər zaman hazır olub. Elə torpaqlarımızın 30 ilə yaxın bir müddətdə işğalda qalması bir daha onu göstərir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsi üçün bu qədər müddət gözləyib və qarşı tərəfə, belə demək mümkünsə, düşünmək üçün vaxt verib. Bu gün də Azərbaycan dövləti rəsmi olaraq bəyan edir ki, münaqişə bitib və biz köhnə səhifəni çevirib yeni səhifəyə başlamağa hazırıq”.

Deputat qeyd edib ki, hazırkı şəraitdə əməkdaşlıq Ermənistan üçün çox vacibdir. Bu ölkə Azərbaycanın düşünülmüş uğurlu siyasəti və qurulmuş iqtisadi strategiyası əsasında təcrid olunaraq, dalana çevrilib.

Cavid Osmanov deyib: “Ermənistan 44 günlük hərbi əməliyyatlar zamanı aldığı ağır zərbələrdən nəticə çıxartmalı, Azərbaycanla qarşılıqlı əlaqələrin və münasibətlərin qurulmasında maraqlı olmalıdır. Əks halda, Ermənistanda mövcud olan ağır vəziyyət daha da ağırlaşacaq və bu dövlətin gələcəyi sual altına düşmüş olacaq”.