Zəngəzur dəhlizi regionun sülh qarantına çevriləcək.Qədim Zəngəzurun qapıları uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açılacaq.
YeniAvropa xəbər verir ki, bu fikirləri millət vəkili Anar Məmmədov əməkdaşımıza müsahibəsində deyib.
Onun fikrincə , əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir.
Millət vəkili qeyd edib ki, Azərbaycan tərəfi bölgədə davamlı sülhün bərqərar edilməsini əməkdaşlıqda görür. Buna görə də Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir.
"Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq. Bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha inkişafına şərait yaradacaq.
Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. Ermənistanda başa düşməlidirlər ki, Zəngəzur dəhlizi bu ölkənin illər boyunca yoluxdurulduğu dağıdıcılıq xəstəliyindən qurtulmasında, aclıq və səfalətdən xilas olmasında xüsusi rol oynayacaq”,-deyə millət vəkili vurğulayıb.