logo

Hikmət Hacıyev: Ümid edirik ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək

14:34 23-04-2021 | icon 1869
Hikmət Hacıyev: Ümid edirik ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək

Aprelin 24-ü ərəfəsində hər il olduğu kimi, bu il də dünya erməni lobbisinin gözü Ağ evə dikilib. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden sələfi D.Trampdan fərqli olaraq, 1915-ci ildə Osmanlı imperiyası ərazisində baş verən hadisəni qondarma "erməni soyqırımı" kimi ifadə edəcəkmi? 

YeniAvropa xəbər verir ki, Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir.

"Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaqdır. Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır.

Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək",-deyə  Hikmət Hacıyev vurğulayıb .