logo

Sabahdan “Qərbi Azəri” yatağında neft hasilatı dayandırılacaq

15:25 21-04-2021 | icon 4319
Sabahdan “Qərbi Azəri” yatağında neft hasilatı dayandırılacaq

Aprel ayının 22-dən “Qərbi Azəri” platformasında neft hasilatı dayandırılacaq. 

 YeniAvropa xəbər verir ki, bu barədə “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı "BP" şirkəti məlumat yayıb. Bildirilib ki, "AÇG"nin illik iş proqramının bir hissəsi olaraq “Qərbi Azəri” platformasının planlaşdırılmış hasilatın dayandırılması 15 gün müddətində davam edəcək. Bu,yataqda planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması məqsədilə ediləcək.

Proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi, eləcə də digər vacib təmir işləri həyata keçiriləcək. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini uzun müddət davam etdirməsi məqsədilə görülür.

Qeyd edilib ki, belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2020-ci ildən başlanıb, proqram üzrə həyata keçirilən işlər 2021-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması, həmçinin bu ilin hasilat planına da daxil edilib.

"AÇG"nin digər platformalarından, həmçinin “Şahdəniz” yatağının platformalarından hasilat, Bakı-Tbilisi-Ceyhan, Qərb Marşrutu İxrac Boru Kəməri və Cənub Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edəcək.