logo

Əhməd Əhmədzadənin idarə rəisi məhkəmə qarşısına çıxarılır 

09:29 09-04-2021 | icon 1393
Əhməd Əhmədzadənin idarə rəisi məhkəmə qarşısına çıxarılır 

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin müdiri işləmiş Pənahov Rövşən Pənah oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

YeniAvropa xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Eldar Mikayılovun icraatındadır.

Qeyd edək ki, R.Pənahova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 311.3.2 ( təkrar rüşvətalma) və 311.3.3-cü maddələri ilə (külli miqdarda rüşvətalma) cinayət işi başlanıb.
 
Aparılan araşdırmalarla R.Pənahov həmin idarənin çilingəri və sürücüsünün əmək stajı hesablanmaqla işə gəlməmələrinə şərait yaratması müqabilində onların əməkhaqqı kartlarını alıb özündə saxlamaqla karta mədaxil olunan pul vəsaitini hər ay nağdlaşdıraraq 2017-ci ildən 2020-ci ilə kimi olan müddətdə 10 min 239 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
 
Bundan başqa, R.Pənahovun həmin vəzifədə işləyərkən şəxsən və digər şəxslərin vasitəsi ilə 2017-2019-cu illər ərzində idarənin işçisi kimi rəsmiləşdirilmiş digər şəxslərin adına açılan əməkhaqqı kartlarından pul vəsaitini hər ay nağdlaşdırmaqla 36 min 980 manat, habelə idarəyə rəhbərlik etdiyi 2009-2019-cu illər ərzində idarənin balansında olan nəqliyyat vasitələrinin xidməti istifadəsi üçün verilən yanacağın bir hissəsini yanacaq doldurma məntəqəsinə sataraq 36 min manat olmaqla, ümumilikdə 72 min 980 manat məbləğində dövlət əmlakını mənimsəməsinə də əsaslı şübhələr yaranıb.
 
Xatırladaq ki, prezident İlham Əliyevin aprelin 2-də imzaladığı sərəncama əsasən Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Əhməd Əhmədzadənin işsiz qalması cəmi 3 gün çəkib.  

Sabiq ASC sədr Ə.Əhmədzadə baş nazir Əli Əsədovun müşaviri təyin edilib.