logo

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 görüşü keçiriləcək

11:59 07-04-2021 | icon 266
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 görüşü keçiriləcək

Bu gün qitənin futbol üzrə ən nüfuzlu klub turniri sayılan UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin daha iki görüşü keçiriləcək.

YeniAvropa xəbər verir ki, gecənin böyük maraqla gözlənilən görüşü Almaniyada turnirin son finalçıları “Bavariya” ilə Fransanın “Paris Sen-Jermen” komandaları arasında olacaq.

Qarşılaşmadan əvvəl hər iki komandanın heyətində ciddi itkilər var. Münhen təmsilçisində Robert Levandovski, Duqlas Kosta, Mark Roka, Korentin Tolisso zədə, Serj Qnabri isə koronavirusa yoluxduğu üçün meydana çıxa bilməyəcək. Qonaqların heyətində isə Leyvin Kurzava və Mauro İkardi zədəli, Leandro Paredes cəzalıdır. Marko Verratti və Alessandro Florenzidə isə koronavirus aşkarlanıb. Danilonun da oynayıb-oynamayacağı sual altındadır.

Gecənin digər oyunu İspaniyada təşkil olunacaq. Səkkizdəbir finalda İtaliyanın “Yuventus” klubunu mübarizədən kənarlaşdıran Portuqaliyanın “Portu” komandası pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinə görə İngiltərənin “Çelsi” klubunu, “Sevilya”nın ev oyunlarını keçirdiyi “Ramon Sançes Pisxuan” stadionunda qəbul edəcək.

Nominal meydan sahiblərinin heyətində Məhəmməd Mbaye zədəli, Serjiu Oliveyra və Mehdi Taremi cəzalı olduqları üçün oynamayacaqlar. London təmsilçisində yeganə itki zədəli Nqolo Kantenin yoxluğudur. Kristian Pulişiçin meydana çıxıb-çıxmayacağı isə bəlli deyil.

Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 13-də gerçəkləşəcək.

Qeyd edək ki, ilk oyun günündə keçirilən matçlarda İngiltərə klublarından “Liverpul” İspaniyada “Real Madrid”ə 1:3 hesabı ilə uduzub, “Mançester Siti” isə evdə Almaniyanın “Borussiya” (Dortmund) klubuna qalib gəlib - 2:1.